Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesində ciddi uğurlara nail olunub desək, yəqin ki, yanılmarıq. İndiyədək həyata keçirilmiş islahatların nəticəsi olaraq artıq hüquqi dövlət quruculuğu prosesində cəmiyyətin hər bir üzvü iştirak edir. Qeyd edək ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratdı.
Təbii ki, ölkəmizin əsas qanununun qəbul edilməsi, burada təməl demokratik prinsiplərin, o cümlədən, hakimiyyətlərin bölünməsi prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsi idi. Həmin illərdə ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi üçün səmərəli, həmçinin çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması gerçəkləşdirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil edirdi. O dövrdə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdi. Məsələn, hüquqi islahatların reallaşdırılması, qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı. Bu komissiya ilkin mərhələdə reallaşdırılacaq hüquqi islahatların prioritetlərini müəyyənləşdirərək, sovet dövründən miras qalmış hüquq sistemini tamamilə dəyişdirdi. Daha sonra ulu öndərin təşəbbüsü ilə 1997-ci ildə bir sıra xarici ölkələrin təcrübəsinə əsaslanan “Məhkəmələr və hakimlər haqqında” yeni qanun qəbul edildi. Həmin qanunun tətbiqi ilə bağlı müvafiq fərman imzalandı və ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə başlanıldı. Köklü və genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək, 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradıldı.
Hazırda Ulu Öndərin yürütdüyü siyasətə sadiqlik nümayiş etdirən prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi də ölkənin hər bir vətəndaşı üçün layiqli həyat tərzinin təmin olunmasıdır. Bu gün ölkəmiz dünya birliyinin bərabər hüquqlu üzvü olaraq dinamik inkişaf edir. Azərbaycanın bu cür tərəqqisi onu nəinki siyasi, həmçinin iqtisadi və mədəni cəhətdən həm regional, həm də qlobal mərkəzə çevirir.
Ekspertlər hesab edirlər ki, hüquqi dövlət quruculuğunda Azərbaycan təcrübəsi
başqa dövlətlər üçün də nümunədir. Belə ki, son illərdə dövlət başçısı tərəfindən məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan islahatlar cəmiyyətin, eləcə də ictimai münasibətlərin inkişafında önəmli rol oynayıb. Bunun nəticəsində məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib, məhkəmə hakimiyyətinin müstəqilliyi möhkəmləndirilib, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib, insanların məhkəmələrə müraciət etmək imkanları xeyli asanlaşıb, infrastruktur tamamilə müasirləşdirilib. Həmçinin ölkəmizdə hakimliyə namizədlərin seçimi prosesi əsaslı şəkildə təkmilləşdirilərək, hakimlərin ən qabaqcıl və şəffaf üsullarla seçim qaydası müəyyən olunub. Ölkə başçısının 2018-ci ilin dekabrında təsdiq etdiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üzrə Dövlət Proqramı", "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı sözügedən sahə üçün bir növ yol xəritəsinə çevrildi. Fərmanın icrası üzrə 40-dək yeni qanun layihəsi hazırlandı.
Yeri gəlmişkən, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman məhkəmə sistemində növbəti islahatların aparılması və bu sahədə müasir texnologiyaların tətbiqinin vacibliyini bəyan etməklə yanaşı, məhkəmələr üçün ədalətlilik, qərəzsizlik, süründürməçiliyə yol verilməməsi, aşkarlıq, şəffaflıq kimi mühüm prinsiplərin hər zaman vacib və aktual olduğunu bir daha müəyyənləşdirib. Eyni zamanda, fərmanda məhkəmə icraatının səmərəliliyinin yüksəldilməsi, işlərə baxılmasının keyfiyyətinin artırılması, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
Bundan başqa, dövlət başçısının məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı imzaladığı 13 fevral 2014-cü il tarixli "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında sərəncamla da böyük bir dövrün əsası qoyuldu. Vətəndaşlar məhkəməyə getmədən elektron müraciət etmək, proses barədə məlumatları elektron şəkildə almaq, məhkəmə proseslərinin videogörüntüsünə baxmaq imkanına malikdir. Ölkənin bütün məhkəmə sistemi vahid internet portalında birləşdirilib. Burada hər bir məhkəmə və hakim barədə ətraflı məlumatlar almaq, məhkəmə sənədlərinin nümunələrini əldə etmək, qəbul günləri və s. barədə ətraflı məlumat almaq mümkündür. Mühüm innovasiyalar sayılan "Mobil məhkəmə" və “Mobil etibarnamə” proqramları istifadəyə verilib. Vətəndaşlar təkcə nazirlik və bölgələrdə yox, həm də virtual şəkildə qəbul edilir. Təbii ki, bu istiqamətdə əldə olunan uğurlu nəticələr həm də infrastrukturla bağlıdır. Dövlət başçısının tapşırığı ilə son illər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi istiqamətində çox böyük işlər görülərək məhkəmələrdə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Nəticədə məhkəmələrdə “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, o cümlədən məhkəmə prosesi zamanı audio-video yazılışların aparılması, bütün məhkəmə iclaslarının protokollaşdırılması, elektron sənəd dövriyyəsinin tam tətbiqi ilə bağlı bütün zəruri infrastruktur yaradılıb.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, indiyədək ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində kifayət qədər mütərəqqi islahatlar həyata keçirilib:
“Hüquqi dövlətin prinsipləri ölkəmizdə ilk olaraq müvafiq obyektiv hüquqa uyğun qanunvericilik sisteminin yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada insanların hüquq və azadlıqlarının təmin olunması ilə özünü göstərir. Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir. Bu gün ölkəmizdə hakimiyyətin qolları bir-birindən asılı olmadan Konstitusiya səlahiyyətlərindən istifadə etməklə fəaliyyət göstərir. Bütün normativ aktlar, qanunun aliliyi əsasında yaradılır və həyata keçirilir. Elə hüquqi dövlət anlayışı dövlət hakimiyyətinin Konstitusiya normalarına tabe olmaqla, ayrı-ayrı fərdlərin hüquqları dövlətin şəxsində qorunmalıdır. Hüquqi dövlət öz-özünə daimi norma və qaydaların kompleksini müəyyən dərəcədə məhdudlaşdırır. Bu istiqamətdə ölkəmizdə kifayət qədər mütərəqqi islahatlar aparılıb,məhkəmə sistemi beynəlxalq standartlara uyğun təkmilləşdirilib, məhkəmə hakimiyyətinin müstəqilliyinə nail olunub, bu sahədə fəaliyyəti tənzimləyən qanunvericilik bazası əsaslı şəkildə yenilənib”.